«Əshabi-Kəhf»lə bağlı uzun illərdən bəri müxtəlif istiqamətli
kitablar, məqalələr yazılmış, filmlər çəkilmişdir.
Qeyd edək ki, qaynaqlarda daha çox Türkiyədəki yeddi yatmış
və onlarla bağlı rəvayətlərdən bəhs edilmişdir. Azsaylı
müəlliflər istisna olmaqla, Naxçıvandakı «Əshabi-Kəhf» və
onunla bağlı hadisələr lazımınca araşdırılmamışdır.
Çap olunan materiallar isə daha çox rəvayəti, dini və mifik
mətnləri əhatə edir.
Azərbaycanın
ümummilli lideri Heydər Əliyev
hələ Sovet hakimiyyəti illərində xalqımızın dininə,
inanclarına hörmət bəsləmiş və müqəddəs yerlərə qayğı göstərmişdir.
Bu qayğı, müstəqillik dövrümüzdə də davam etmişdir.
Onun 1998-cu ildə
«Əshabi-Kəhf»in abadlaşdırılması və bərpa edilməsi barədə
göstəriş verməsi, xalqımızın dininə və
tarixinə göstərilən qayğının bariz nümunəsidir.
Bu gün
«Əshabi-Kəhf» tarixi abidəsi və ziyarətgahı yenidən qurulmuş,
burada məscid tikilmiş, yol çəkilmiş, zəvvarlar üçün hər cür
şərait yaradılmışdır.
Bu saytda başlıca diqqət «Əshabi-Kəhf»
tarixinə, «Qurani-Kərim»də adı çəkilən
ziyarətgahın Naxçıvana aid
olmasına yönəldilmişdir. Aparılmış hərtərəfli araşdırmalardan
aşağıdakı nəticəyə gəlmək olar:
1. «Əshabi-Kəhf»lə bağlı rəvayət Naxçıvanda formalaşmaqla,
əvvəlcə türk xalqları, sonra digər xalqlar arasında
yayılmışdır.
2. “Qurani Kərim”də adı çəkilən «Əshabi-Kəhf» bütün əlamətləri
ilə Naxçıvandakı
«Əshabi-Kəhf»lə uyğun gəlir.
3. Mağara qədim ata ocağı, yaşayış məskəni kimi «Əshabi-Kəhf»
hadisəsindən əvvəl mövcud olmaqla müqəddəs hesab olunmuşdur.
4. Buradakı inanclar heç bir dinə deyil, qədim türklərin
inanclar sisteminə, təbiət kultuna aiddir.
5. «Əshabi-Kəhf» fiziki təmizlik, ruhu paklıq halında olan
qulun Tanrıya yönəldiyi Ali məqamdır.
6. «Əshabi-Kəhf» Azərbaycan türkünün qədim ata yurdu,
Naxçıvanda min illər boyu tapındığı mağaranın daşlarına hopmuş
mənəvi, tarixi kimlik vəsiqəsidir.
İnanırıq ki, «Əshabi-Kəhf»lə bağlı
mövzulara
dönə-dönə qayıdılacaq,
qulu
Rəbbinə yaxınlaşdıran, çoxları üçün tövbə qapısı sayılan bu
Ali Məqama zəvvarlarla bərabər, hələ çox araşdırıcılar
gələcəkdir.
«Əshabi-Kəhf»i tədqiq məqsədi ilə gələnlər! Zahiri
təmizlənmə ilə bərabər, mənəvi təmizliyi qoruyun! Unutmayın!
Allah hər şeyi olduğu kimi biləndir. |