Ana səhifə English    Azeri
Müqəddəslik
Ziyarətə hazırlıq mərhələsi

MÜQƏDDƏSLİK, TARİXİLİK

          Naxçıvanda ən müqəddəs  yerlərdən sayılan  «Əshabi-Kəhf»ə inam olduqca güclüdür. Hər il bura on minlərlə  insan ziyarətə gəlir. «Əsahabi-Kəhf» tarixilik, dini inancların zənginliyi baxımından diqqəti cəlb edir.

         «Əsahabi-Kəhf» Naxçıvan şəhərinin şərq tərəfində, keçmiş Haçaparaq kəndi yaxınlığında yerləşir. Girişi güneydən başlanan mağara quzey istiqamətdə, dağin içərisinə doğru uzanıb gedir. Mağaranın müqəddəsliyi xalq arasında  yayilmiş və bir sira qaynaqlarda əksini tapmıış rəvayətlə bağlıdır. «Allahdan üz çevirib bütlərə tapınan Dağ Yunis adlı hökmdarın zülmü ərşə dayanmışdı. İnsanlar arasinda küfr hökm sürürdü. Buna dözə bilməyən vəzir Təmirxan  (ad Təmreyxa, Təmilxan kimi də deyilir) tək Tanrıçılıq inancında olan bir neçə dostu ilə zülmdən qurtarmaq üçün dağlara sığınmaq və başlarına çarə qılmaq istəyi ilə şəhərdən qaçırlar. Yolda hökmdarın çobanına rast gəlirlər. Vəziyyəti öyrənən çoban da zülmdən cana gəldiyini və ümidini bir olan Allaha bağladığını bildirərək, onlara qoşulur. Bu vaxt çobanın iti də ardınca gəlir. İtin səs salıb onların yerini bildirəcəyindən qorxuya düşürlər. Çoban iti heç bir vəsitə ilə qova bilmir, vurub ayağının birini sındırır. Bir azdan baxırlar ki, it yenə gəlir.Çoban onun ikinci ayağını sındırdıqda it insan kimi dil açıb zülmdən qaçdığını bildirir və ölür. Çoban onu mağaranın girəcəyindən bir az aralı, hazırda «Qitmir» adlanan yerdə basdırır və çomağını taxır üstünə. Bundan sonra qaçıb, yaxınlıqdakı mağaraya sığınırlar. Onları dərin yuxu aparır. Oyandıqdan sonra acdıqlarını hiss edərək vəziyyəti öyrənmək və çörək almaq məqsədilə vəziri şəhərə göndərirlər. O, pul verib çörək almaq istəyərkən yaxalanır. Ondan soruşurlar ki, bu pullar hardandır? Xəzinə tapmısan? O, isə inandırmağa çalışır ki, pullar kimsənin deyil, onları dünən şəhərdən çıxarkən özü ilə götürmüşdür. Onu başa salırlar ki, pullar üç yüz il bundan əvvəl hökmdarlıq etmiş Dağ Yunisə aiddir.

          Burada bir möcüzə olduğunu bilən vəzir başına gələnləri danışdıqdan sonra maraqlanan insanlar mağaraya doğru axışırlar. Vəzir yoldaşlarının bundan qorxuya düşəcəklərini söyləyərək onları xəbərdar etmək üçün qaçaraq mağaraya gəlir. Baş vermiş möcüzəni bildirir. Hər biri əl qaldırıb Alahdan qeyb olmalarını diləyirlər. Allah onların səsini eşidir, hər biri qayaya söykəndikləri kimi də yox olur.  Mağaraya daxil olanlar mağarada onların izlərini tapırlar və o zamandan mağara ziyarətgaha çevrilir.

           Xalq arasında yayılan bu rəvayət müəyyən dəyişikliklərlə qaynaqlarda da öz əksini tapmışdır. Sonralar bu rəvayətə əlavə olunmuş bir rəvayət mağaranın müqəddəsliyini daha da artırır. Həmin rəvayətə görə, Əhli-Beytin atası həzrəti Əli oranı ziyarət etmiş, namaz qılmış və onun atı Düldülün ayaq izi qayada qalmışdır.

          Qeyd etmək yerinə düşərdi ki, araşdırmalarda ilk və əsas örnək «Qurani-Kərim»in bu məsələ ilə bir başa bağlı olan on səkkizinci «Kəhf» surəsidir. Burada zülmdən qaçma, Allahın onları hidayət və xilas etməsi verilmişdir. Ayədə mağaranın quruluşu ilə bağlı xəbər diqqəti xüsusi olaraq cəlb edir. Çünki dünyanın bir sıra bölgələrində «Əshabi-Kəhf» adı ilə tanınan mağaralar vardır ki, adı «Qurani-Kərim»də keçən mağara olduğu iddia edilməkdədir. Bu məsələ «Qurani-Kərim»in 18-ci surə, 17-ci ayəsində belə açıqlanır: «Baxsaydın, günəşin mağaranın sağ tərəfindən doğub meyl etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını, onların da mağaranın genişcə bir yerində olduqlarını görərdin…».

           Ayədə diqqəti çəkən «Baxsaydın, görərdin...» deyilərkən Rəsulullahın baxması nəzərdə tutulur. Məlumdur ki, mağaranın içərisinə girəcəkdən baxarkən, yəni girişdən sağ və sol nəzərdə tutulur. Məhz Naxçıvandakı «Əshabi-Kəhf»də içəri girən (baxan) adamın sağı (bu nisbətdə mağaranın sağ tərəfi) gün doğana düşür. Yəni mağara cənub-şimal istiqamətindədir.

           Mağaranın nə vaxt yaranması ilə bağlı rəvayətlərdə onun qaçanların sığındıqları zaman yarandığı söylənilir: «Allahın hökmü ilə dağ yarıldı və onlar orada gizləndilər».

          «Qurani-Kərim»in «Kəhf» surəsində deyilir: «Mağaraya sığının ki, Rəbbiniz sizə rəhmətini yaysın».

          Buradan aydın olur ki, rəvayətdə deyilənin əksinə olaraq mağara öncədən mövcudmuş, qaçanlar onun haqqında məlumatlı imişlər.

          Bir məsələ diqqəti xüsusi ilə cəlb edir: Mağaraya sığınanlar neçə nəfər olmuşlar? Bununla bağlı rəvayətlərdə müxtəlif fikirlər vardır. Qaynaqlarda onların sayı 5, 6, 7 bəzən 8 olaraq göstərilir. Naxçıvanda isə qeyb olanların 7 nəfər olduqları söylənməkdədir. «Əshabi-Kəhf»dəki «Yeddi kimsənə» deyilən ziyarət yerinin olması, «Yeddi kimsənəyə and olsun» ifadəsi sayın yeddi olduğunu bildirir. Əlbbəttə, bu rəvayətdir. Həqiqət isə «Qurani-Kərim»dəki kimidr: “İnsanların kimi: «Onlar üç nəfərdir, dördüncüləri də itləridir»; Yenə: «Beş nəfərdir, altıncıları itləridir» - deyəcəklər. Kimiləri də: «Onlar yeddi nəfərdir, səkkizinci itləridir» deyirlər. De ki, onların saylarını Rəbbim daha yaxşı bilir. Onlar haqqında biliyi, məlumatı olan çox azdır… “ Deməli, onların sayı ilə bağlı mübahisə açmaq bizim məqsədimiz ola bilməz. İtlə əlaqəli fikirlər də müxtəlifdir. Bəzi qaynaqlarda onun qovulduğu, bəzilərində isə çoban tərəfindən öldürüldüyü və basdırıldığı söylənməkdədir

         «Qurani-Kərim»dəki bu fikirlər mağaranın Naxçıvanda olmasını sübut edir. “Beləcə insanları  onlardan xəbərdar etdik ki, Allahın vədinin  haqq olduğunu, qiyamətin şübhə  götürməz olduğunu  bilsinlər. Bu sırada onlar  aralarında «Əshabi-Kəhf»in vəziyyətini araşdırırdılar. Dedilər ki: «Üzərlərinə bir bina tikin. Rəbləri onları daha yaxşı bilir». Onların vəziyyətinə vaqif olanlar  isə: «Bizlər, kəsinliklə onların yan başlarında bir məscid tikəcəyik” - dedilər.  Naxçıvan «Əshabi-Kəhf»indəki indiki məscid də qeyb  olanların yanbaşı istiqamətindədir.

         Araşdırıcılar «Qurani-Kərim»dəki məlumatlara, müxtəlif qaynaqlara, rəvayətlərə əsaslanaraq «Əshabi-Kəhf»lə bağlı bəzi məsələlərə açıqlama vermişlər. İlk əvvəllər mağaranın tarixiliyi diqqəti cəlb edir. «Qurani-Kərim»dən onun əvvəlcədən mövcud olduğu görünməkdədir. «… O halda mağaraya sığının ki…» ifadəsi xalqın buranı əvvəlcədən bildiyini söyləməyə imkan verir. Onların buraya sığınması bir tərəfdən gizlənmə ilə əlaqəlidirsə, digər tərəfdən  onun müqəddəsliyi ilə bağlıdır. Çünki, Rəbbilərinin rəhmini burada qazana bilərdilər.

         Mağaranın quruluşu, təbii coğrafi şəraiti ilə tanışlıq buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə imkan verir. Mağarada qışın soyuğundan, yayın istisindən qorunmaq üçün hər cür şərait vardır. Son illərə qədər mağaranın girəcəyindən çıxan bulaq içməli suyu tam təmin edə bilərdi. İndi bulaq qurumuşdur. Mağaradakı təbii sığınaqlar ayrı-ayrı otaqları xatırladır. Uzun illər yandırılmış tonqalların təsirindən divarlar xeyli qaralmışdır. Buranın  təbii girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarət idi ki, bu da mağaradakıları düşmənlərin və vəhşilərin hücumundan qoruyurdu. Bütövlükdə qayalar və daşlardan ibarət olmasına baxmayaraq, çoxlu ağac və kollar vardır.

         «Əshabi-Kəhf»in tarixiliyinin öyrənilməsinə gəlincə qeyd etməliyik ki, rəvayətlə bağlı islam mənbələrində, həmçinin Avropa tarixşünaslığında geniş məlumatlar vardır. Rəvayətin baş verdiyi yerin İspaniya, Əlcəzair, Misir, Suriya, Əfqanıstan, Anadolu və Doğu Türküstan olduğu göstərilir. Müəlliflərin əksəriyyəti hadisənin xristianlıqla bağlı olub, İsa Peyğəmbərdən sonra baş verdiyini və sonra «Qurani-Kərim»ə daxil edildiyini söyləyirlər.

1 2

İnanclar sistemi - dağ-daş kultu.
İnanclar sistemi - su kultu.
İnanclar sistemi - ağac kultu.
"Əshabi-kəhf"lə bağlı yazılı ədəbiyyat
"Əshabi-kəhf"lə bağlı foto materiallar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ə S H A B İ  -  K Ə H F