AĞAC KULTU
Naxçıvanda mövcud olan inama görə, hər bir
əşyanın və ya canlının sahibi vardır. Buna «yiyə» deyilir.
Toplanmış materiallar sübut edir ki, xalq inamına görə dağın,
daşın, suyun, ağac və kolların da sahibi vardır.
Həmin
inancın
paralellərini
araşdırarkən
məlum
olur ki,
Sibir və
Altay türklərində
də
eyni inanc mövcuddur.
Bu, yakutlarda «iççi», digər türk xalqlarında «eçi», «yeçi»,
«yeyə» adlanır.
Ağac kultunu araşdırarkən
bir sıra məsələlərlə yanaşı, «Əshabi-Kəhf»də və digər
ziyarətgahlarda ətrafdakı ağac və kollara parça bağlanmasının
mənasını və genezisinin öyrənilməsinə xüsusi dəqqət
yetirilmişdir. Müqayisəli araşdırmalar göstərir ki, bu inanc
digər türk xalqlarında, o cümlədən Anadolu türklərində də
mövcuddur. Yəni bir sıra ziyarətgahlarda ağac və kollara parça
bağlama adəti vardır. Oxşar olaraq Sibir və Altay xalqlarında
ağaclara bez, parça bağlama ağac yiyəsini razı salmaq üçündür.
Bu, ağac ruhuna qurban xarakteri daşıyır. Yakutlarda ağaca
bağlanan bez və ya parça «sarama» adlanır. Ağacı
da insan kimi canlı hesab edən yakutlar ona alqışlar
söyləyirlər. Oxşar alqışa və insanın ağacla təmas qura
bilməsinə «Kitabi-Dədə
Qorqud»
boylarında rast gəlirik.
Qədim
şumer
dastanı
«Bilqamıs»
dastanında
da ağac
kultu
əsas
yer tutur.
Ağacın
müqəddəsliyi
Orta Asiya
ərazisindəki
türk
dastanlarında
da geniş
yayılmışdır.
Görünür ki, türklər ağaca ana, məhsuldarlıq
rəmzi kimi baxırlar. Heç təsadüfi deyil ki, dünyanın bir sıra
xalqlarında həyat ağacı adlanan müxtəlif mifik ağaclar
mövcuddur. Təsəvvürlərə görə, həmin ağac insana əbədi həyat
bəxş edir, xəstələri sağaldır. Onların meyvələri, budaqları və
yarpaqları şəfavericidir. Qədim təsəvvürlərə görə, ağacın
müqəddəsliyi onun yeraltı və yerüstü həyata malik olmasındadır.
Yəni torpaqda olan hissə - köklər yeraltı dünyaya məxsus
olmaqla ölümü, yerüstü hissəsi isə bu dünyanı, yeniləşməni,
yaşamı təmsil edir. Sibir türklərinin inamına görə, yer
kürəsinin tam ortasında bir müqəddəs ağac var. Bu, Tanrıya
qədər yüksəlir. Mirəli Seyidov dünya (həyat) ağacının daha çox
dağın başında yerləşdiyini göstərir: «Dünya ağacları adətən
dağın təpəsində, qayanın başında, yanında bitərmiş. Bununla da
insan dağ inamı, dağ tanrısı (yiyəsi) ilə ağaca inam, dünya
ağacına inamı birləşdirib daha güclü inam yaratmaq istəmişdir».
Həyat ağacı ilə bərabər Azərbaycan türklərinin inam sistemində
həyat meyvəsi də əsas yer tutur. Nağıl və dastanlarımızda
həyat meyvəsi, sağlamlıq simvolu alma götürülür. «Məlikməmməd»
nağılında padşahın bağında bitən cavanlıq alması və onunla
bağlı hadisələrdən bəhs olunur. Nağıllarda dərvişin və ya
müqəddəs bir adamın alma verməsi ilə sonsuzluqdan qurtarmaq
olur. Maraqlı məsələlərdən biri «Əshabi-Kəhf»dəki ağac və
kollara müxtəlif parça, bez qırıqları bağlanması ilə bağlı
inamın genezisini müəyyənləşdirməkdir. Qeyd edək ki, Naxçıvan
ərazisində təkcə «Əshabi-Kəhf»də deyil, bir neçə ziyarətgahda
ətrafdakı ağac və kollara əski bağlama inamı vardır. Alməmməd
(Camaldın kəndi yaxınlığında) pirində Düymə Quyusu adlanan
ziyarətgah yerinin yanındakı armud ağacına,
Havuş pirində armud ağacına, Tənənəm kəndindəki
«Pir Süleyman» türbəsində qaraçalı koluna, həmçinin «Salatın
piri» adlanan qaraçalı koluna, Ərəfsə pirinin ətrafindakı kola
və s. əsgibağlama adəti vardır.
Müqayisəli araşdırmalar
göstərir ki, bu inam, dini baxışlarından asılı olmayaraq bütün
türk xalqları arasında yayılmışdır. Türklərin qədim din və
inanclar sisteminin tədqiqi ilə məşğul olan görkəmli
araşdırıcılar N.A.Alekseyev, A.B.Anoxin, L.P.Potapov,
L.Y.Çançibayeva, Əbdülqadir İnan və başqaları bunu qədim
türklərin təsəvvürünə görə, ağacları canlı hesab etməklə,
onların hami ruha (yiyə) malik olması inamı ilə
əlaqələndirirlər. Alekseyev N.A. yazır ki, bu yiyə ruhuna
qurban verməkdir.
Qədim türklərin təfəkküründə
ağac və meşə insan həyatına mühüm təsir edən müqəddəs
varlıqdır. Türklər onları, yəni yiyələrini məmnun etdikcə
səadətin artacağına, bolluq, bərəkət olacağına, firavan
yaşayacaqlarına inanırdılar.
Araşdırmalar göstərir ki, hər
ağaca parça bağlanmaz. Ancaq müqəddəs yerlərdə, dağ
keçidlərindəki ağaclara (hətta ağacın növü də məlum olmaldır)
bağlanır. S.İ.Rudenkonun məlumatına görə, başqırdlar dağ
ruhları üçün zirvələrdəki ağac və kollara parça bağlayırlar.
Bu, «səprək» adlanır. Yakutlar buna «salama», «sarama»,
altaylar «salam», «yalama» deyirlər. Ağaclar müqəddəsliyinə
görə, fərqlənirlər. Sibir və Altay türklərində qayın ağacları.
Orta Asiyada ağcaqayın, dağdağan və çinar müqəddəs hesab
edilir.
«Əshabi-Kəhf»də isə dağdağan
ağacı müqəddəs sayılır. Qeyd edilməlidir ki, keçən əsrin 80-cı
illərinə qədər burada çox sayda dağdağan ağacı var idi.
Ziyarətə gələnlər onların meyvələrindən yığıb müxtəlif
xəstəliklərdə dərman kimi istifadə edirdilər. Dağdağandan
hazırlanmış muncuq (həmayil) gözdəymədən və müəyyən
xəstəliklərdən qorunmaq üçün kiçik uşaqların paltarlarından və
ya boynundan asılırdı. Xalq arasında olan inama görə:
«Dağdağan ağacını qırmazlar. Çünkü adama
qarğış eyləyər. Bu qarğışın altından çıxmaq da çox çətindir.
Əgər qırmısansa, gərək üstündən asasan ki, sənə göz dəyməsin.»
Oxşar inam türkmənlər arasında da yayılmışdır. Q.P.Vasilyeva
yazır ki, gözdəymədən qorunmaq üçün ən güclü təsir edən
həmayil dağdağan ağacından hazırlanardı. «Dağdağan» adlanan
belə həmayil adətən uşaqların ilk xəstəliyi dövründə onların
boynundan asılır və həyatlarının sonuna qədər çıxarılmır.
Naxçıvanda müaliçə məqsədi ilə
istifadə edilən ardıc ağacı həmişə yaşıllığına görə müqəddəs
sayılır. Onu qırmaq günah hesab edilir. Analoji olaraq
altaylarda «artış» adlanan bu ağacın müalicəvi xüsusiyyətləri
ilə bərabər, tüstüsündən evlərdən, insan və heyvanlardan bəd
ruhları qovmaq üçün istifadə edilir. Azərbaycan türklərində
olduğu kimi, Sibir və Altay türkləri də hesab edirlər ki, bəd
ruhlar, pis niyyətli adamlar tikanlı bitkilərdən qorxurlar.
Dilək məqsədi ilə ağaca əsgi
bağlamaq kərküklər (İraq türkmənləri) arasında da geniş
yayılmışdır. Burada Sere / Suvare adlı ərazidə eyni adla
tanınan ağaca böyük inam vardır. Bununla bağlı Yaşar Kalafat
yazır: "Ağacın içində bir deşık vardır. Ağacın içindən keçən
və uşağı olmayanların uşaqları olacaqlarına inanırlar. Uşağı
olanlar bu ağaca yaşlı bir çapıt bağlar və qurban kəsərlər".
Orta Asiya türklərində bəzi çinar ağaclarına müqəddəs
kimi baxırlar. Q.P.Vasilyeva qeyd edir ki, Kiz Bibinin
yanındakı çinar müqəddəs hesab edilir. Xüsusən, qadınlar həmin
çinarı ziyarət edərək sonsuzluqdan, müəyyən xəstəlikdən
qurtarmaq üçün onun altında məclis təşkil edirlər. Eyni
zamanda, çinarın budaqlarına çapıt bağlayırlar. İstək böyük
olduqda məclis də böyük olur. Müəllif bunun qadın Hami-Kiz
Bibinin şərəfinə edildiyini söyləyir. Eyni inam Krım
türklərində də vardır. Burada ulu çinarlara güclü inam
olmuşdur.
Naxçıvanda, xüsusən Ordubadda
çinarlara müqəddəs ağac kimi yanaşılır. Heç təsadüfi deyil ki,
Ordubadda məscidlərin və bir sıra ziyarətgahların
həyətində çinarlar vardır. Hətta xalq arasında deyirlər ki,
Ordubadda harada çinar var, ora müqəddəs yerdir. Ordubad
şəhərində XX yüzilliyin 70-ci illərinə qədər məscidin
qabağında çox böyük bir çinar vardı. Söylənilirdi ki, bir
zamanlar ustad Şeyx Nizami burada olmuş və həmin çinarın
altında oturmuşdur. Çinarın gövdəsində XI əsrə aid olması ilə
bağlı yazı vardı. Elə ki, məscid sökülüb yerində mədəniyyət
evi tikildi, çinar qurudu.
Naxçıvanda çinarla bərabər,
məscidlərin həyətindəki qara ağaclara ehtiramla yanaşılır.
Ümumiyyətlə, Naxçıvanda qara ağac ilə bağlı inam geniş
yayılmışdır. Həmin inamdan bəhs edərək H.A.Quliyev və
A.S.Bəxtiyarov yazırlar: «Naxçıvan şəhəri yaxınlığnda son
vaxtlara qədər bir-birindən müəyyən qədər aralı iki qara ağac
dururdu. Əhali onları əkiz adlandırırdı. Göstərirdilər ki, bu
ağaclar yeraltı köklərlə bir-biri ilə əlaqədardır. Bunların
birisinin yanında (Yarımca kəndinə gedən yolda) bir ədəd cavan
qarağac bitmişdir ki, bunu da qoca qarağacın oğlu
adlandırırdılar. Sonralar bu ağacın ətrafı «Xuda divan» adlı
böyük qəbirstanlığa çevrilmişdir. Xalq arasında məşhur olan
rəvayətə əsasən kim bu yerdən qarağacın
bir quru çöpünü belə apardısa, o, qızdırma xəstəliyinə
tutulurmuş».
Naxçıvanda duvaq günü gəlinə xeyir-dua verərkən, dilək
diləyərkən bar verən ağacın kiçik budağı ilə başına vurulması
(toxundurulması) da məhsuldarlıqla bağlıdır.
Yuxarıdakılardan belə nəticəyə gəlmək olar ki,
«Əshabi-Kəhf»dəki ağac inamı genetik cəhətdən ümumi türk
xarakteri daşımaqla, çox qədim zamanlarda formalaşmışdır.
Qədim türk soyu ağaca həyatverici, yaşadıcı qüvvə kimi
baxmaqla onunla bağlı inancları günümüzə qədər qoruyub
saxlamışdır. |