SU KULTU
Əvvəlcədən deyildiyi kimi, ziyarətgah və onun
ətrafında üç yerdə su inamı ilə qarşılaşırıq. Bunların biri
təmizlənib müalicə olunma, ikincisi «Əshabi-Kəhf»in
girəcəyindəki kiçik hovuz-bulaq.
Suyun
şəfa verici və müqəddəsliyini nəzərə alaraq içir və xörək
hazırlayırlar.
Bulaq,
«Yeddi kimsənə»nin aşağı tərəfindən çıxdığı üçün daha da
müqəddəs hesab edilir. Üçüncüsü - «Damcıxına»da dilək
diləməklə istəklərin yerinə yetirilib-yetirilməyəcəyini bilmək
üçün oturulan yerdə tavandan daman su.
«Əshabi-Kəhf»in aşağısında,
keçmiş yaşayış yeri olan Haçaparağın yanında, on beş dəqiqə
qaynayıb-köpükləyən, on beş dəqiqə enən mineral bulaq sehirli
xüsusiyyətlərinə görə insanlar arasında müqəddəs sayılır. Bura
müxtəlif xəstəlikləri olan adamlar gəlirlər. Xalq arasında
belə bir inam mövcuddur ki, bulağın ən kəsərli vaxtı
köpüklənmənin şiddətləndiyi dövrüdür. İlin
bütün
fəsillərində
beləcə
qaynayıb
yatan bulaqda təkcə
xəstələr
deyil,
bəzi
zəvvarlar
da yuyunub təmizlənirlər.
Burada yuyunmaq (çimmək) ziyarətgah suyu ilə yuyunmaq hesab
edilir. İnsanlar ziyarətə hazır olurlar. (Bir növ ziyarət qüsulu
vermək). Qeyd edək ki, belə qüsul Həcc ziyarəti zamanı verilir
və ehram geyilir. Yəni zəvvarlar ziyarətə həm
mənəvi-psixoloji, həm də fiziki cəhətdən hazır olurlar.
Araşdırmalar göstərir ki, su
ilə bağlı inanclar çox qədim dövrdən mövcud olmaqla, bir sıra türk xalqları arasında
geniş yayılmışdır. Bu gün Azərbaycan türklərində səfərə gedən
adamın dalınca su atmaq adəti vardır. İnama görə, su
aydınlıqdır, gedilən yerdə hər şey yaxşı olacaqdır. Eyni
inanca qədim Şumerlərdə rast gəlirik. Bilqamıs və Enkidu ağır
bir səfərə-Humbabanı öldürməyə gedərkən Bilqamısın şah anası
Nisu (bu adın ikinci tərəfindəki su maraqlıdır)
onların arxasınca
təmiz
su atıb
duasının
qəbul
olunması
üçün
yüksəyə
-
evin damına
qalxıb
əllərini
Tanrıya
uzadıb
un nəzir
deyir.
Un nəziri (qurbanı) ilə bağlı inam indi
də
Naxçıvan ərazisində qalmaqdadır. Əgər bir nəfər müəyyən bir
xəta ilə üzləşib yaxşı qurtarırsa, deyirlər ki, isti çörək
yapıb (bişirib) paylayın. Həmçınin, övladının xətaya düşdüyünü
eşidən ana deyir ki, Allah, balam bu bəladan qurtarsın, filan
çəkidə unun çörəyini yapıb paylayacağam. Xətadan yaxşı
qurtaranlar haqqında deyilən «bir parça çörəyimiz ovsanata
düşüb» ifadəsi də həmin inamla bağlıdır.
Suyun müqəddəsliyi insanın və
bütün canlıların həyatında böyük rol oynaması ilə bağlıdır.
Ziyarətgahlardakı bulaqlar və su mənbələri daha da müqəddəs
sayılırlar. «Əshabi-Kəhf»in cənub tərəfində yerləşən mineral
bulaq möcüzəli sayılmaqla, ondan sağlamlıq məqsədi ilə də
istifadə edirlər. Qarşılıqlı müqayisələr göstərir ki, Sibir və
Altay türklərində də mineral bulaqlara böyük inam vardır.
Onların düşüncə tərzinə görə, suyun özünəməxsus ruhu vardır.
Həmin ruh incidiləndə su insanlara zərər verə bilər. Xüsusən
«arjan» adlanan mineral sulara böyük inam var. Tuvalılar
inanırlar ki, arjan insanları xəstəliklərlə bərabər, bir sıra
xoşagəlməz hallardan da qoruyur.
Naxçıvan ərazisindən
toplanan
materiallara əsasən mineral sularda yuyunmağın ən
əlverişli vaxtı yazda və yayın ortasına qədərdir. Xalq
arasında belə bir inam vardır ki, «Quyruq doğan»dan sonra,
yəni yay yarı olanda (5 avqust) mineral sular kəsərdən düşür.
Payızda ağacların yarpaqları saraldıqdan sonra su yenidən öz
kəsərini bərpa edir. Maraqlıdır ki, eyni inam Altay
türklərində də vardır. «Arjan»a getməyin ən gözəl vaxtı: Yazda
ağacların yarpağı yaşıllaşanda, həmçinin, payızda ağacların
yarpaqları saralandadır.
Azərbaycanda su ruhları «su
yiyəsi» (əyəsi) adlanır. Naxçıvan ərazisindən toplanmış
mifoloji materiallarda hər şeyin: Dağın, bağın, yolun yiyəsi
olduğu göstərilir. «Bu yiyələrin içində hamısından üstünü su
yiyəsidir. Səhər-səhər ki, tezdən gedirsən, gərək su yiyəsinə
salam verəsən. Heç vaxt suya tüpürmək, suya çirkab atmaq
olmaz. Yoxsa su yiyəsini küsdürərsən, sənə zərər toxunar».
Suda yiyələrlə bərabər, bəd ruhlar da vardır. Onlar insana
zərər verirlər. Xüsusən gecələr qorxulu olurlar.
Suyun müqəddəsliyi, hətta
onunla təmas qura bilmək inamı geniş yayılmışdır. Sudan dilək
diləmə, pay alma ilə bağlı müxtəlif rəvayətlər mövcuddur.
Nağıllarda suyun insanla danışması, suyun yatması, çərşənbə
gecəsində xüsusi möcüzəyə malik olması və s. inamı vardır.
Xalq arasında olan inama görə, çərşənbə gecəsi sular dayanır:
«Bir arvad çərşənbə gecəsi səhərə çox qalmış səhəngi götürüb
çaya su dalınca gedir. Səhəngi nə qədər basır, səhəng suya
batmır. Sən demə su yatıbmış. Arvad qayıdıb evə gəlir. Sonra
bir
də gedir. Görür ki, su şırha-şırla axır. Səhəngi doldurub
qayıdır». «Kitabi-Dədə Qorqud» dastanında da su ilə bağlı
inancların daha arxaik formasına rast gəlinir. Suyun insana
yenilməzlik verməsi inamının bariz nümunəsini «Koroğlu»
dastanında da görürük.
«Günlərin bir günü Alı kişi Rövşəni
yanına çağırıb dedi:
- Oğul, buradakı dağların birində bir
cüt bulaq var. Adına Qoşabulaq deyirlər. Yeddi ildən yeddi
ilə, cümə axşamı məşriq tərəfdən bir ulduz, məğrib tərəfdən də
bir ulduz doğar. Bu ulduzlar gəlib göyün ortasında
toqquşarlar. Onlar toqquşanda Qoşabulağa nur tökülər,
köpüklənib daşar. Hər kim Qoşabulağın o köpüyündə çimsə, elə
qüvvətli bir igid olar ki, dünyada misli-bərabəri tapılmaz.
Özünün də səsi elə güclü olar ki, nərəsindən meşədə aslanlar
ürkər, quşlar qanad
salar, atlar, qatırlar dırnaq tökər… İndi
yeddi il tamam olhaoldur. Vədə çatıb, get axtar, Qoşabulağı
tap. Ancaq köpüyündən bir qab da doldurub mənə gətir».
Burada maraqlı bir cəhət var. Rövşən atasına su
götürə bilməyib, pərişan halda qayıdarkən Alı kişi
deyir:-mənim gözlərimin dərmanı o köpükdə idi. O da ki, ələ
gəlmədi. Görünür, bir də səni görmək mənə qismət deyilmiş. Day
mənim əcəlim tamamdır.
Bu ifadələrdən görünür ki, Qoşabulağın köpüyü
hər şeylə bərabər, xəstəliyi sağaltmaq, həmçinin insana həyat
bəxş etmək qüdrətinə malikdir. Çünki Alı kişi köpüklü su
gətirilmədikdən sonra «day mənim əcəlim tamamdır»-deyir.
Yuxarıdakı parçadan aydın olur ki, burada bir neçə mif
birləşmişdir. Ağac mifi (bulaqlar-ağacın altında), kosmoqonik
(ulduzlar), zaman (yeddi ildən bir). Ulduzların toqquşması ilə
nurun tökülməsi. Bununla səmavi ruhlarla, ağac və su
ruhlarının birləşib köpüklənməsi. Digər tərəfdən qədərə inam,
vaxtı çatanın getməsi, gələcək qəhrəmanın bütövləşməsi, ona
təb verilməsi
(sudan sonra Rövşənə şairlik-aşıqlıq
verilmişdir). Yəni göydən düşmüş daşdan-ildırım parçasından
hazırlanmış Misri qılınca, dəniz ayğırından törəmiş Qırata
malik olan Rövşən bu üstünlükləri də qazanır. Bütövləşir,
Koroğlu olur. Deməli, Koroğlunun Koroğlu olmasında ildırım,
dağ, daş, ağac, su və at kultu başlıca rol oynayır. Dastanda
bulağın müəyyən vaxta köpüklənib qalxması «Əshabi-Kəhf»in
aşağısındakı mineral bulağın dəqiq zaman içərisində köpüklənib
(qaynayıb) qalxması və eyni vaxt ərzində aşağı düşməsi
(enməsi) ilə müəyyən bir oxşarlığa malikdir. Sadəcə orada
hadisə yeddi ildən bir baş verməklə daha güclü təsirə
malikdir. Burada isə hər on beş dəqiqədən bir.
Naxçıvanda su ilə bağlı inamlara ilin axır
çərşənbəsi (ilaxır) və Novruzda əməl edilir. Qeyd edək ki,
bütün Azərbaycan ərazisində çərşənbələrdən biri su ilə
bağlıdır (Su Çərşənbəsi). İnama görə, həmin çərşənbədə suların
tərkibi dəyişir, oyanır, yeraltı sular qalxmağa başlayır. İlin
axır çərşənbəsi səhər gün çıxmamışdan qabaq bütün ayaq tuta
bilən insanlar, eyni zamanda, mal-heyvan çeşmənin, çayın
başına gəlir (buna bəzən kəndlərdə Novbaşı deyirlər). Hamı
suyun üstündən üç dəfə o tərəfə-bu tərəfə atılır və deyir:
«Ağırlığım,
dərdim-bəlam, tökül bu suyun üstünə». Çeşmədə yuyunurlar,
qadınlar çaydan xırda daşlar götürürlər. İlaxır suyu
doldururlar. Həmin su gətirilib gələn ilin İlaxırına qədər
xamraya qatılır, uşaqların boğazı gəldikdə onunla ovulur.
Suyun növbəti çərşənbəyə qalanını bar ağacının dibinə və ya
götürülmüş bulağa töküb yenidən doldururlar.
Əvvəllər novbaşında (bulaq üstündə) cavanların
çıləşməsi olmuşdur. Bu yüngül zarafat mahiyyəti ilə bərabər,
təmizlənmədir. Çünki sulaşmada ancaq bulaq çeşməsinin suyu
istifadə edilir. Bu inanca Anadolu türkləri arasında, Novruz
bayramında
Azərbaycanda
olduğu kimi, səhər tezdən əməl olunur. İnama
görə, bu su ilə keçən ildən qalan pisliklər, ağırlıqlar,
uğursuzluqlar və xəstəliklər yuyulub gedir. Novruzda su falı,
natəmiz qadının başına 40 qaşıq su tökməklə təmizləmə,
qırxaçar camına su töküb çılləkəsmə, başı açıq su içməmək,
isti suyu yerə atmamaq, qorxmuş uşağa 7 cəftənə suyu çəkib
vermək və digər bu kimi inamlar qədim türklərin su kultu ilə
bağlıdır.
Yuxarıdakılardan bu qənaətə gəlmək olar ki,
«Əshabi-Kəhf»də su ilə bağlı adətlər və inanclar, ümumtürk
inamlar pantionuna aid olmuş, ona çox qədim dövrlərdən əməl
olunmuşdur. |